Tələbələrinin nəzərinə: Sosial baxımdan həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqı ödəniləcək

Tələbələrinin nəzərinə: Sosial baxımdan həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqı ödəniləcək

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində təhsil alan tələbələrinin nəzərinə: Sosial baxımdan həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqı ödəniləcək

Koronavirus pandemiyası səbəbi ilə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr də nəzərə alınmışdır.  Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərar qəbul etmişdir.

Qeyd olunan Qərarda Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrində sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulmuşdur:

  1. ünvanlı dövlət sosial yardımı alanlar;
  2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri

aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

  • I və II dərəcə əlilliyi olan şəxslər;
  • işsiz kimi qeydiyyatda olanlar;
  • yaşa görə əmək pensiyaçıları;
  • yaşa görə sosial müavinət alanlar.

Qeyd olunan Qərarda aşağıdakı tələbələrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulmamışdır:

  1. təkrar orta ixtisas təhsili alan tələbələr;
  2. normativ təhsil müddətindən çox təhsil alan tələbələr;
  3. əyani təhsil almayan tələbələr.

Nəzərə almaq lazımdır ki, qeyd olunan Qərarla hər semestr üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci orta ixtisas təhsili müəssisələrində illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilmişdir.

2020-ci ildə tədris semestrləri dedikdə 2019/2020-ci tədris ilinin ikinci və 2020/2021-ci tədris ilinin birinci semestrləri başa düşülür.

Tələbədə təhsil haqqı xərcinin dövlət büdcəsi hesabına ödənilməsi hüququ 2020-ci tədris semestrləri müddətində müraciət tarixinə yuxarıda göstərilən şərtlərin hər hansı biri olduqda təmin olunur. 2019/2020-ci tədris ilinin ikinci (yaz) semestri üçün tələbənin son müraciət tarixi iyun ayının 1-dək, 2020/2021-ci tədris ilinin birinci (payız) semestri üçün isə dekabr ayının 1-dək nəzərdə tutulur.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə 2019/2020-ci tədris ilinin ikinci semestri üçün təhsil haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qərardan da göründüyü kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi orta ixtisas təhsili müəssisələri (tabeliyindən və mülkiyyətindən asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsi ilə müəyyən edərək bu Qərarın icrasını təmin edəcəkdir.

Göstərilən Qərarla müəyyən edilmiş sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin müəyyən edilməsi üçün tərəfinizdən aşağıdakı hazırlıq tədbirlərinin görülməsini zəruri hesab edirik:

  1. Bütün əlaqə vasitələrindən istifadə edilərək təhsil müəssisələrinin tələbələrinin bu Qərarın yaratdığı hüquqlar, eləcə də bu hüquqlardan istifadə üçün tələb olunan hərəkətlər (təhsil müəssisəsinin e-poçt ünvanına elektron müraciətin edilməsi və sənədlərin elektron surətlərinin təqdim edilməsi) barədə 3 (üç) iş günü müddətində məlumatlandırılması;
  2. Məlumatların əldə olunması üçün tələbədən onun şəxsiyyətini təsdiq edən sənədin, doğum haqqında şəhadətnamənin, bu şəhadətnamədə göstərilən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərin, tək valideyni olduqda əlavə olaraq digər valideynin ölüm haqqında şəhadətnamənin, qanuni nümayəndələrlə münasibətdə məhkəmənin müvafiq qərarının və nümayəndələrin şəxsiyyətini təsdiq edən sənədlərin, eləcə də valideynlərin və ya qanuni nümayəndələrin sosial statusunu (ÜDSY alan ailə, qeydiyyatdan keçmiş işsiz, I və II dərəcə əlil, yaşa görə əmək pensiyaçı, yaşa görə sosial müavinət alan) təsdiq edən sənədlərin elektron surətinin tələb olunması;
  3. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə giriş imkanını əldə etmək üçün məsul şəxs(lər)in təyin edilməsi və həmin şəxslər barədə əlavə olunmuş formaya uyğun məlumatları Nazirliyə 3 (üç) iş günü müddətində e-poçt (ibrahimova@edu.qov.az) vasitəsi ilə göndərilməsi.
  4. Məlumat üçün bildiririk ki, tələbələrin valideynləri tələb olunan müvafiq arayışları Elektron hökumət portalından (www.e-gov.az) əldə edə bilərlər.