foto kitabxana müdiri - eyvazlı günel

Kitablar haqqında yüzlərlə, minlərlə aforizm söyləyə bilərik. Bütün bu deyimlər kitaba dəyər verən, kitab oxusundan mənəvi güc alan, kitab oxusu ilə ucalanlanların dilindən qopmuş ifadələrdir.

Bəli, Mişel Monten belə söyləyirdi: “Az bildiyini başa düşmək üçün çox oxumaq lazımdır”. Fransız sosioloqu, tarixçisi və jurnalisti Lui Jan Jozef Blan isə “Nə oxuduğunu de, sənin kim olduğunu söyləyim” deyir.

Əlbəttə, şəxsin biliyini, ağlını, savadını qiymətləndirmək üçün kitabxanasına nəzər salmaq kifayətdir. Elə nitqin özü də şəxsin kim olmasından xəbər verən ən başlıca göstəricidir. Dilin səlisliyinin, nitqin rəvanlığının, intellektual, savadlı olmasının arxasında isə həmişə kitablar dayanır.

Təsadüfi deyil ki, “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs yer, mədəniyyət, bilik və zəka mənbəyidir” söyləyən Heydər Əliyevin nitqində belə kitabların ağırlığı, çəkisi, şəxsin mütaliəsi açıq-aşkar görünürdü. Ümumiyyətlə, oxu mədəniyyəti kübarlıq əlamətidir.

“Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanun”unda deyildiyi kimi, kitabxana elm, informasiya, mədəniyyət, təhsil müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistematik ifadəsini təşkil edən, cəmiyyət, intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur. Bəlkə də bunu belə ifadə etmək daha məqsədəuyğun olar. Kitabxana – elə bir mənəvi məbəddir ki, mütaliə xəstəliyinə mübtəla olan insan özündə ruhunun paklığa, təmizliyə doğru dəyişməsini müşahidə edir. Kitab oxusuna zaman ayıran şəxsin əlavə işlər haqqında düşünməyə, yersiz qeybətə, nalayiq ifadələri ağzına almağa heç vaxt zamanı olmaz. Elə ona görə də kitabxana işinin ağırlığını, məsuliyyətini çiyinləri üzərinə alan şəxs kitaba marağı artırmaq üçün, tədris müəssisəsində tələbələri mütaliəyə cəlb etmək üçün əlindən-gələni etməlidir.

1959-cu ildən fəaliyyətdə olan Sumqayıt Dövlət Texniki Kolleci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən 26 avqust 2002-ci ildən Sumqayıt Texnologiya Texnikumunun bazasında yaradılmışdır. 2016-2017-ci tədris ilindən isə Sumqayıt Dövlət Universitetinin nəzdnində kollec olaraq fəaliyyətdədir. Eyni zamanda Kitabxanamız da 1959-cu ildən ixtisas, elmi, bədii yönümlü kitabxana olaraq fəaliyyət göstərir.

Kollecimizin kitabxanası geniş və işıqlıdır. Fondumuzda 24005 adda kitab var. Dərsliklərin sayı 6505 ədəd, bədii ədəbiyyatımız isə 17500 ədəddir.

Kitablarımız biblioqrafik təsnifata uyğun olaraq sıralanıb. Kitabxanamız “Oxu zalı” və “Kitab fondu” olaraq iki şöbəyə bölünür.

Kitabxanamız oxuculara kitablardan səmərəli istifadə etməkdə kömək edir, müəllim heyətini, tələbələri, işçiləri müxtəlif dərs vəsaitləri, bədii, elmi ədəbiyyat, jurnal, qəzetlərlə təmin olunmaqda yardım edir. Hətta tələbə kontingentini kitabxanaya cəlb etmək üçün il boyu “ayın fəal oxucusu”, “ilin fəal oxucusu” olaraq mükafatlandırıb tələbələr arasında oxu rəqabəti yaratmağa çalışırıq. Eyni zamanda müxtəlif bədii tədbirlər düzənləyərək tələbələrimizi bədii, ədəbi, teatral istiqamətə yönləndiririk.

Kitabxanamız müasir kompüter avadanlığı ilə təchiz olunub, internet şəbəkəsinə qoşulubdur. Bəzi ixtisaslar üzrə kitab çatışmamazlığının qarşısını almaq üçün müəllimlərin dərs vaxtı istifadə etdikləri mühazirə mətnlərini disk şəklində onlardan toplayaraq, həmçinin elektron vasitə kimi kompüterin yaddaşına köçürərək tələbələrimizin istifadəsinə şərait yaradırıq. Kitabxanamızın elektron ünvanı da mövcuddur. Fləşkard, disk və s. kimi informasiya ötürücüləri olmayan tələbələr bizə elektron ünvanlarını verməklə kitabların PDF, elektron dokumentlərini elektron məktub vasitəsilə əldə edə bilirlər.

Həmçinin vaxtlı-vaxtında diskusiyalar, müzakirələr keçirməklə bədii əsərlərin müzakirəsini təşkil edib kitabxana olaraq öz işimizin öhtəsindən layiqincə gəlirik. Ümumiyyətlə, 2015-ci ildən kitabxanada “Kitabxana müdiri” vəzifəsinə təyinat aldığım vaxtdan, digər içşilərimizlə bərabər kollecimizdə təhsil alan tələbələrimiz və müəllim kontingenti üçün əlimizdən gələni əsirgəmirik. Hal-hazırda “Kitabxana müdiri” vəzifəsinə  yazıçı Günel Eyvazlı təyin olunmuşdur.  Əlaqə unvanımız texnikikollecsumgayit@mail.ru