Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 97 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.

Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.

Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.

Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.

Hər ilin mayın 10-u tarixin yaddaşına köçürülüb.  Xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq.